SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Düzgün istiqamət və uğur : BƏLƏDİYYƏ SƏDRİ HAQQINDA

30-10-2018, 19:02 | Oxunub: 7 |

Düzgün istiqamət və uğur : BƏLƏDİYYƏ SƏDRİ HAQQINDADünyanın günü-gündən inkişaf edən, çiçəklənən və bir o qədər də öz kökündən, məhvərindən uzaqlaşdığı bir dövründə yaşayırıq. Elm, texnika inkişaf etdikcə ünsiyyət imkanlarımız məhdudlaşır, məişətin tələblərinə uyğun olaraq yeniliyə daha çox can atırıq. Uzaqgörən əcdadlarımızın bizə miras qoyduğu xəzinələrdən yavaş-yavaş uzaqlaşmaq təhlükəsi ilə üz-üzəyik.

Bu xəzinələrin ən qiymətlilərindən biri də el məsəlləri, atalar sözləridir ki, bu gün təkamül nəticəsində çoxlu sayda atalar sözləri arxivləşmiş, köhnəlmiş ifadələr sırasına keçmişdir. Dövlətimiz tərəfindən hər zaman elm, təhsil sahəsində çalışan insanlara dəstək, tariximizə, milli mənəvi dəyərlərimizə böyük diqqət və qayğı göstərilməkdədir. Xalqımızın milli-mənəvi dəyərlərinin təbliği və qorunması istiqamətində vaxtaşırı dövlət proqramları həyata keçirilir. Bu işlərdə türk dünyası tarixini və dəyərlərinin araşdırılması, eləcə də təbliğinə diqqət və qayğı yetərincədir. Həmin diqqətin nəticəsində qardaş Türkiyə və Azərbaycan elm adamları bir-birindən maraqlı və səmərəli layihələr həyata keçirirlər. Türk dünyası mədəniyyəti üçün önəmli layihələrdən biri də M.Kaşğarlının “Divani–lüğət-it-türk” əsəri ilə bağlı olan “Unudulan sözlər həyat bulsun” layihəsidir. Sözügedən layihədə İsmayıllı təhsil ictimaiyyətinin fəal iştirakı hər birimizin sevincinə səbəb olub.

Belə ki, hikmət xəzinəsi olan atalar sözləri, el məsəllərinin araşdırılıb üzə çıxarılması, bugünkü gənc nəslə təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində xüsusi xidmətləri olan ziyalılardan biri də Tünzalə müəllimdir. “Unudulan sözlər həyat bulsun” layihəsinin uğurlu tərəfdaşlarından olan İsmayılova Tünzalə Sarı qızı Kürdmaşı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Tünzalə müəllim 1974-cü ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. Kənddəki ümumi orta məktəbini bitirdikdən sonra, təhsilini İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində davam etdirib. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1994-cü ildən Kürdmaşı kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.

Çalışdığı ilk illərdən şagirdlərinin mənəvi dünyasının memarı olmaqla yanaşı, onlarla bir dost, bir rəfiqə olmağı da bacarıb, onların şəxsiyyətinə hörmət edərək təlim-tərbiyə üsullarını düzgün qurub. Bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlir.

Tünzalə müəllim işinin ustası, müəllim - ilk növbədə yüksək bilik və ixtisas sahibi, mədəniyyət və ünsiyyət mütəxəssisidir. O, öz fənnini dərindən bilir, müvafiq elm sahələri ilə yaxından tanışdır, ümumi və xüsusilə uşaq psixologiyasından xəbərdardır, təlim və tər¬biyənin metodikasna dərindən yiyələnib. Bir sözlə, ixtisasının mütəxəssisidir. Dərs dediyi şagirdlərin böyük əksəriyyətinin ali təhsil alıb, həyatda mövqey qazanmasında əməyi var.
Çalışdığı illər ərzində şagirdləri olimpiadaların qalibi olur. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında bir neçə şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 100 faizlik nəticə göstərib. Bu da müəllimin gərgin əməyini itməməsi, qürurverici bir ucalıqdır. Tünzalə müəllimin təlim-tərbiyəsini görmüş 5 nəfər şagirdi onun şərəfli yolunu uğurla davam etdirərək, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.
Əsl pedaqoq təkcə öz ixtisası üzrə deyil, bütün sahələrdə bilgiləri olan və ictimai məsələlərə düzgün münasibət bildirməyi bacaran ziyalıdır. Tünzalə müəllim həm də yaradıcı bir ziyalıdır, sosial-maarifləndirici tədbirlərdə yaxından iştirak edir. Biri-birindən zəngin ideyaların müəllifi olmaqla yanaşı, öz məqalə və tezislərində pedaqoji prosesi tam ustalıqla qələmə almağı da bacarır. Elə onun nəticəsidir ki, pedaqoji fəaliyyəti ilə yanaşı tarix, milli-mənəvi dəyərlər mövzusunda, azərbaycançılıq və müasir Azərbaycanımızın memarı, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi haqqında 2002-ci ildə keçirilən inşa yazı müsabiqəsində ölkə üzrə qalib gələn yazılar içərisində onun şagirdlərinin inşaları da var.

Dövləti, xalqı üçün təəssübkeş vətəndaşlar yetişdirən müəllimin şagirdlərinin qələbəsi onun da İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərmana layiq görülməsinə səbəb olub. Məktəbdə İKT üsulu ilə ilk dərs keçənlərdən biri kimi, Tünzalə müəllim müasir təlimin tələblərini dərindən mənimsəməklə yanaşı, İKT avadanlıqlarının köməyi ilə təhsil sahəsində aparılan bütün islahatlardan, hazırlanan layihələrdən vaxtında xəbərdar olur və müvafiq layihələrə də qoşulur. 18 fevral 2014-cü ildə Aşıqbayramlı kənd tam orta məktəbində təşkil olunan elmi-praktik konfransda XI sinif şagirdləri ilə xalq şairi “Səməd Vurğunun yaradıcılığı” mövzusunda olduqca maraqlı və nümunəvi açıq dərs təqdim edən Tünzalə müəllimin peşəkarlığı konfrans iştirakçılarının böyük marağına səbəb olub, dərs yüksək qiymətləndirilib.

Qarşısındakı şagirdin gələcəyini görməyi bacaran müəllim 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 54 bal toplayaraq məktəbdə ən yüksək nəticəni göstərib. Biri-birindən maraqlı 20-dən artıq elektron dərs tərtib edərək elektron müsabiqələrində iştirak edib.

Hər zaman yaxşı işə dəyər verən və yüksək dəstək nümayiş etdirən İsmayıllı Rayon Təhsil Şöbəsi, xüsusən də şöbənin müdiri, Respublikanın Əməkdar müəllimi Rasim Orucovun diqqət və qayğısı nəticəsində İsmayıllı rayonunun ən ucqar kəndində çalışan müəllimlərin də dövlət tədbirlərində iştirakı, beynəlxalq layihələrə qoşulması təmin edilir. Kürdmaşı kənd tam orta məktəbinin rəhbərliyi səmərəli pedaqoji fəaliyyətini nəzərə alaraq Tünzalə müəlliməni 2016-2017 və 2017-2018-ci dərs ilində Fəxri fərman ilə təltif ediblər. Təhsil Nazirliyi tərəfindən keçirilən pedaqoji mühazirə müsabiqəsində “Ədəbiyyatın tədrisində müasir təlim texnologiyalarının rolu” mövzusunda pedaqoji məruzə ilə çıxış edib. “Nəsillərin əldə etdikləri təcrübəni günümüzün şagirdlərinə elə çatdırmaq lazımdır ki, öyrənənlər ondan həm yaxın, həm də uzaq məqsədləri üçün istifadə edə bilsinlər”, - deyən Tünzalə İsmayılova 2017-ci ilin dekabrında E-twinning layihəsinə qoşulub və iki layihədə fəal iştirak edib.

Mahmud Kaşğarlının divanına həsr olunmuş layihə onun diqqətini daha çox cəlb edir. Ədəbiyyat müəllimi olması, həm də mövzunun günümüzdəki əhəmiyyəti, XI əsrdə M.Kaşğarinin bütün Türk dünyası üçün göstərdiyi xidmət, gördüyü böyük işlər, tək Azərbaycanda deyil, bütün Türk dünyasında bu gün də əhəmiyyətlidir. Vacib bildiyi bu məsələ onu layihəyə daha sıx birləşdirir. Tünzalə müəllim layihənin təqdimatı zamanı “Azərbaycan dilinin eləcə də digər türk dillərinin digər dillərin basqısına məruz qalaraq öz kökündən uzaqlaşdığı bir zamanda mövzunun aktuallığını qeyd edib. Buna görə də bir türk və bir dilçi olaraq mövzu üzərində böyük səy və həvəslə işləyib. M.Kaşğarlının “Divani-lüğət-it-türk” əsəri ilə bağlı olan “UNUTULAN SÖZLƏR HAYAT BULSUN” adlı layihədə bir il ərzində hər həftə bir atalar sözü seçərək, müxtəlif kompyuter proqramlarından yararlanaraq həmin atalar sözlərinə aid şəkillər, fiqurlar, səhnəciklər hazırlayıblar. Atalar sözlərinin ideyasına uyğun olan hekayələr, təmsillər, rəvayətlər tərtib olunub, sosial şəbəklər üzərindən qruplar səhifələr yaradaraq hər gün qarşılıqlı fikir mübadiləsi aparmaqdadır.

2017-2018-ci tədris ilinin sonunda şagirdləri ilə birgə “Unudulan sözlər həyat bulsun” adlı dərs-layihə”sini təqdim edib. Dərs Türkiyənin müxtəlif şəhərlərindən, həm də Azərbaycanın Sumqayıt və Bakı şəhərlərindən canlı izlənmiş və bağlantılar yaradılmışdır. Layihənin təhsilin keyfiyyətinin artırılmasında müstəsna rolu vardır. Belə ki, ən zəif oxuyan şagirdlərdə də il ərzində xeyli fəallaşma müşahidə olunur. Bu da o deməkdir ki, geniş imkanlara malik layihədən hər şagirdə pay düşüb. Hər kəs bacarığını nümayiş etdirməyə imkan tapıb. Bu layihədə təkcə elm deyil, mədəniyyət, incəsənət mübadiləsi də aparılıb. “Unutulan sözlər hayat bulsun” Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildiyi üçün maliyyə dəstəyi ilə təmin olunmuşdur, ölkəmizdə isə Azərbaycan Milli Elmlər Akademiyası və Folklor İnstitutu layihəyə tam dəstək verib. Layihə çərçivəsində gördüyü işlərin əhəmiyyəti nəzərə alınaraq Tünzalə İsmayılova Avropa Keyfiyyət Nişanına layiq görülmüşdür.

Layihənin İsmayıllı təhsili üçün əhəmiyyəti ondan ibarətdir ki, ucqar dağ kəndinin müəllimi dövlət rəsmilərinin və elm xadimlərinin qarşısında çıxışlar edib, layihə çərçivəsində həyata keçirdikləri işlərdən bəhs edib. Layihənin təqdimatı zamanı Millət vəkili Qənirə xanım Paşayeva da görülən işlərin müqəddəs və vacib bir iş olduğunu qeyd edərək layihəni bəyəndiyini, hər zaman dəstək olmağa hazır olduğunu bildirib. Layihə iştirakçılarına hədiyyələr verərək, onların nəcib əmələri ilə fəxr etdiyini vurğulayıb. Dağ rayonu olan İsmayıllının belə bir layihənin aparıcı qüvvəsi olmasından qurur duyduğunu dilə gətirib.

Tünzalə müəllim bir qrup şagirdi ilə Azərbaycan Milli Elmlər Akademiyasında “Unudulan sözlər yaşadılsın” adlı beynəlxalq elmi-praktik konfransda Türkiyədən dəvət olunmuş alimlərlə birgə iştirak edib. Konfransda AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli layihənin türk dünyası üçün əhəmiyyətini, həmçinin İsmayıllı təhsilinin bu layihədə gördüyü işi xüsusilə vurğulayıb. Konfransda uğurlu iştirakına görə Tünzalə müəllimə və şagirdlərinə təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr təqdim olunub. Onlar Türkiyənin Diriliş Hərəkatı Başqanı Yalçın Mıhçı tərəfindən də mükafatlandırılıblar.

Bu prosseslər Azərbaycan Dövlət Televiziyası və TRT Avaz kanalı vasitəsi ilə bütün dünyaya çatdırılıb. Layihə rəhbəri Selma Köseoğlu Mədəniyyət Kanalında “Keçmişdən gələcəyə” proqramının qonağı olarkən qeyd edib ki, layihə çərçivəsində il ərzində yazılan hekayələr içindən seçilən üç hekayənin müəllifi İsmayıllı məktəbliləridir. Tünzalə müəllimin yetirmələrinin ölkə hüdudlarından kənarda da müsabiqələrdə seçilənlərdən olması İsmayıllı təhsilinin səciyyəvi xüsusiyətlərindəndir. Qazanılan uğurların arxasında rəhbərlik tərəfindən göstərilən diqqət və qayğı, güclü dəstək dayanır.

Tünzalə İsmayılova 6 aylıq layihənin sonunda təqdim etdiyi dərs iştirakçıların xüsusi rəğbətini qazanmışdır. Müəllimin səmərəli pedaqoji fəaliyyətləri ölkədə, həmçinin Türkiyə mətbuatında, xüsusilə də təhsil sahəsində fəaliyyət göstərən mətbu orqanlarda işıqlandırılmaqdadır.
Buna misal “Təhsil problemləri”, “Təhsil və zaman” və “İsmayıllı Xəbərləri” qəzetlərində dərc olunan məqalələrigöstərmək olar.
Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və təhsilin maddi-texniki bazasının yüksəldilməsi, təhsil işçilərinin rifah halının yaxşılaşdırılması dövlətimizin qarşıya qoyduğu vacib məsələlərdəndir. Dövlət siyasəti yerlərdə uğurla həyata keçirilir. Bariz nümunə olaraq qeyd etmək istərdim ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov İsmayıllı təhsil ictimaiyyətinin nümayəndələrinə xüsusi diqqət və qayğı göstərir, böyük dəyər verir.

Bu dəyəri qazanmış ziyalılarımızdan biri də Tünzalə müəllimdir. 2018-2019-cu tədris ilində O, 5 Oktyabr – Beynəlxalq Müəllim Günü münasibəti ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilib.

T.İsmayılova dövlət siyasətinin yerlərdə məsuliyyətlə icra olunması istiqamətində səmərəli fəaliyyəti olan ziyalıdır. Belə ki, yaşadığı ərazidə qazandığı yüksək nüfuz və qabaqcıl təcrübəsi sayəsində 2014-cü ildən sakinlərin seçimi ilə ictimai əsaslarla bələdiyyə sədri kimi fəaliyyət göstərir. Bu işini də bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun olaraq qurub və ərazinin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün bir sıra tədbirlər həyata keçirməkdədir.

Düzgün seçilmiş iş prinsipinin nəticəsidir ki, qabaqcıl bələdiyyə sədri olaraq cəmiyyətdə nüfuz qazanmışdır. Çalışması sayəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın İsmayıllı rayonunda həyata keçirilməsi istiqamətində görülmüş işlərdə Kürdmaşı bələdiyyəsi öz səlahiyyətləri və imkanları daxilində iştirak etmiş, xeyriyyə tədbirləri ilə yanaşı bir sıra quruculuq, təmir-tikinti, abadlıq və təmizlik işləri görmüş, bayram və əlamətdar günlərdə əhalinin aztəminatlı təbəqələri və qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirmiş, müxtəlif köməkliklər göstərilmişdir. Kəndin qədim məscidi təmir olunub,1500 metr məsafədən qədim məscid binasına içməli su xətti çəkilib, kənd ərazisində sakinlərin istirahətini təmin etmək üçün park salınıb, kənd qəbiristanlığının ətrafı məftil torla tutulub. Məktəbin təmiri üçün lazım olan köməkliklər göstərilib, təbii fəlakət nəticəsində sel aparmış 5 kilometr məsafədə su xəttinin təmir-bərpa işləri həyata keçirilib, bununla yanaşı, yol çəkilişini də məsuliyyətlə həyata keçirib. Kənd təsərrüfatını inkişafı baxımından da xeyli işlər görülüb. Son illər ərzində 350 kq barama istehsal olunub, 40 hektar ərazidə fındıq bağı salınıb. Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi və istedadlı gənclərin inkişaf etdirilməsi məqsədi ilə kəndin gənclərdən ibarət futbol komandasının təşkil olunmasında yaxından iştirak edib və komandanın maliyyə vəsaitini Kürdmaşı bələdiyyəsinin hesabına qarşılayıb.

Təhsil sahəsi ilə yanaşı dövlət idarəçiliyi sahəsində də cəmiyyətin inkişafı üçün səylərini əsirgəməyən Tünzalə müəllimin səmərəli fəaliyyəti təbliğ olunmalıdır. Yazını da bu məqsədlə ərsəyə gətirdik. O, qazandığı uğurları əvvəlcədən tutduğu düzgün istiqamət və zəhməti nəticəsində əldə edib. Bir ziyalı kimi, yaxşı bilir ki, düzgün istiqamət uğur qazanmaq üçün əsas amildir.

Tünzalə İsmayılova gənc nəslin təlim-tərbiyə işində xüsusi ustalıqla məşğul olması ilə yanaşı gənclərin örnək götürəcəyi bir pedaqoqdur. Ona bu şərəfli işində davamlı uğur və yüksək nailiyyətlər diləyirik.

Elnarə Günəş,
AJB-nin üzvü

http://ismayilli-xeberleri.info/5636-dzgn-istiqamt-v-uur.html

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR