SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Bələdiyyələrin təhsil müəssisəsi yaratması realdırmı?

25-10-2018, 13:44 | Oxunub: 7 |

Bələdiyyələrin təhsil müəssisəsi yaratması realdırmı?Ekspertlər hesab edirlər ki, indiki şəraitdə yerli özünüidarəetmə orqanları buna hazır deyil

“Bələdiyyə məktəblərinin fəaliyyəti ilə bağlı vəziyyətin öyrənilməsi üçün dünya təcrübəsi ilə tanış olmuşam. Bir çox Avropa ölkələrində bələdiyyə məktəbləri demək olar ki, yoxdur. Hətta bir müddət əvvəl bələdiyyə məktəbləri açmış bəzi Avropa ölkələri də daha sonra onların fəaliyyətini ya dayandırıb, ya da bələdiyyə məktəbləri dövlət, yaxud özəl sektora təhvil verilib”.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil kiomitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması ilə bağlı qanunvericiliyə hər hansı dəyişikliyin edilməsinə zərurətin olub-olmamasına münasibət bildirərkən deyib.

İ.Həbibbəylinin sözlərinə görə, bələdiyyə məktəblərinin bağlanmasının əsas səbəbi dövlət və özəl sektorun arasında olan bu təhsil müəssisələrinin normal inkişaf edə bilməməsidir. Akademik qeyd edib ki, dünya təcrübəsi də bələdiyyə orta məktəblərinin arzuolunan nəticələrə və imkanlara malik olmadığını bir daha göstərir: “Ona görə də özünü doğruldan təhsil dövlət təhsilidir. Bütün dünyada orta ümumtəhsil dövlət tərəfindən təşkil edilir. Amma özəl sektorun da burada rolu var və o, inkişaf etməkdədir”.
İ.Həbibbəyli Azərbaycanda bələdiyyə təhsil müəssisələrinin yaradılmasına imkan verən “Təhsil haqqında” qanundan bələdiyyə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı bəndin çıxarılmasına ehtiyacın olub-olmamasına da münasibət bildirib: “Qanundan bələdiyyə təhsil müəssisələrinin yaradılmasına imkan verən bəndin çıxarılmasına ehtiyac yoxdur. Biz bu bəndi çıxarmayacağıq və bələdiyyə məktəblərinin yaradılması üçün məhdudiyyət qoymayacağıq”.
Qeyd edək ki, 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanuna əsasən Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri fəaliyyət göstərə bilər. Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyib.
Məsələn, bir neçə il bundan əvvəl Nazirlər Kabineti “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib. Nizamnaməyə əsasən, Azərbaycanda mülkiyyət növünə görə ali məktəblər 3 kateqoriyaya ayrılıb – dövlət, bələdiyyə və özəl. Dövlət ali təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən lisenziya müddətsiz, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilmiş bələdiyyə və özəl ali təhsil müəssisələrinə 5 il, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə isə 3 il müddətinə verilir.

Nizamnamədə ali təhsil müəssisələrinə qəbul, təkrar ali təhsil, təhsil alanların və təhsil verənlərin hüquq və vəzifələri, elmi fəaliyyət, ali təhsil müəssisələrinin idarə olunması, maliyyə-təsərrüfat fəaliyyəti və s. qeyd olunub. Sənədə əsasən, ali təhsil müəssisəsi öz nizamnaməsində göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.Dövlət ali təhsil müəssisəsi belə mövcud qanunvericilik çərçivəsində öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət ali təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilməlidir.
Ötən il qəbul olunmuş “Məktəbəqədər təhsil haqqında”da bələdiyyələrə təhsil müəssisəsi yaramaq səlahiyyəti verilib. Belə ki, qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər.
Bir neçə gün bundan öncə parlamentdə qəbul olunan “Peşə təhsili haqqında” qanunda da bələdiyyələrə xüsusi imkan yaradılıb. Belə ki, sənədə əsasən, Azərbaycanda mülkiyyət formasına görə üç cür peşə təhsili müəssisəsi fəaliyyət göstərə biləcək. Yəni, sözügedən qanununun 10-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bütün peşə təhsili müəssisələrində isə tədrisin yalnız əyani formada keçirilməsinə icazə veriləcək. Mülkiyyət formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrində hüquqi təminat eyni olacaq.

Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, maliyyə və səlahiyyət azlığı bələdiyyələrə bələdiyyə məktəbləri yaratmağa imkan vermir: “Əksər ölkələrdə ən çox müraciət edilən məktəblərdən biri də məhz bələdiyyə məktəbləridir. Bələdiyyə məktəblərində kifayət qədər aşağı ödənişlə şagirdlərin cəlb edilməsi həyata keçirilir, onlar bu yolla bələdiyyə məktəbində oxumaq imkanı qazanır. Xaricdə bələdiyyə məktəbləri çalışır ki, daha yüksək standartlar, daha keyfiyyətli təhsil tətbiq etsin. Eyni zamanda, inkişaf etmiş ölkələrdə bələdiyyə məktəbində oxuyan, bu ərazidə yaşayan vətəndaşların övladları pulsuz olaraq təhsil almaq imkanına malik olurlar. Təəssüf ki, Azərbaycanda bələdiyyələrin maliyyə vəziyyəti bələdiyyə məktəblərinin yaradılmasının reallaşmasına imkan vermir. Ölkəmizdə də bələdiyyə məktəblərinin yaradılması olduqca vacibdir. Bələdiyyə məktəbi eyni zamanda, bələdiyyənin maliyyə imkanı ilə bağlıdır. Bələdiyyənin maliyyə imkanı yaxşı olarsa, bu qurumlar təhsil və digər sosial layihələri rahatca həyata keçirə bilər. Bu baxımdan Azərbaycanda bələdiyyə məktəblərinin formalaşması üçün öncə bələdiyyələrin statusu gücləndirilməlidir. Həmçinin, maliyyə imkanlarının genişləndirilməsi də olduqca vacibdir. Zənnimcə, yaxın gələcəkdə bələdiyyələrin statusunun güclənməsi və maliyyə imkanlarının genişlənməsi imkan verə bilər ki, bələdiyyə məktəbləri də formalaşsın. Lakin indiki halda mövcud maliyyə durumu və onların statusu daxilində belə məktəblərin yaradılması real deyil”.
Ekspert əlavə edib ki, yaradılan bələdiyyə məktəbində təhsil həm pulsuz, həm də pullu ola bilər: “Belə məktəblərin istifadəyə verilməsində hər şey sıfırdan başlanacaqsa, bu işə kifayət qədər yüksək vəsait tələb olunacaq. Bələdiyyə torpağında məktəbin inşaası, təmiri, avadanlıq, mebellə təmini, müəllimlərin ştat cədvəlinin formalaşması yerlərdən asılı olaraq hətta kəndlərdə belə bir neçə milyon manat vəsait tələb edir. O baxımdan bələdiyyə məktəbinin formalaşması heç də aztutumlu maliyyə tələb etmir. Bu mənada indiki məqamda hazırkı büdcə fonunda bələdiyyələrin belə məktəblər yaratması təbii ki, real görünmür”.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Məlahət Mürşüdlü də hesab edir ki, özünüidarəetmə orqanları təkcə maliyyə baxımından deyil, təşkilatçılıq, peşəkarlıq baxımından da buna hazır deyil: “Bələdiyyə məktəblərinin olması yaxşı olardı. Amma bu gün bizim bələdiyyələr düşdükləri vəziyyətdə, düşünmürəm ki, həmin məktəbləri saxlaya bilsin. Həm təşkilatçılıq, peşəkarlıq baxımından buna hazır deyillər, həm də bələdiyyənin maliyyə resursları buna imkan vermir. Çünki məktəbi təşkil edib onu müasir tələblər baxımından saxlamağı bacarmayacaqlar. Ona görə də düşünürəm ki, hazırda ölkə bələdiyyələri bu məsələyə hazır deyil”.

Mövzu ilə bağlıfikirlərini bildirən ekspert Abil Bayramovun sözlərinə görə, hazırda bu istiqamətdə konkret addımlar atmaq mümkün olmasa da, gələcəkdə bələdiyyə məktəblərinin yaradılacağı istisna deyil: “Məlum olduğu kimi, “Təhsil haqqında” qanunda bu nəzərdə tutulub. Amma hazırkı şəraitdə bələdiyyə məktəblərinin yaradılması real deyil. Çünki təhsil infrastrukturu yetərincə mürəkkəb infrastrukturdur. Bunun üçün müvafiq infrastruktur olmalıdır. Hazırkı şəraitdə bizim bələdiyyələrin belə bir infrastrukturu qurmaq, təşkil etmək şəraiti yoxdur. Yəni bütün bunlar bilavasitə maliyyə ilə bağlı problemlərdir. Ancaq qanunvericilikdə nəzərdə tutulubsa, o zaman bələdiyyələrin gələcəkdə belə perspektivləri var”.

Sevinc

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR