SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Bələdiyyələrin fəaliyyəti və səlahiyyəti həm işləkdir, həm də işlək deyil

25-10-2018, 13:44 | Oxunub: 7 |

Bələdiyyələrin fəaliyyəti və səlahiyyəti həm işləkdir, həm də işlək deyilAzərbaycanda bələdiyyə institutu konkret olaraq işləmir, bu qurumun fəaliyyəti, funksiya və səlahiyyətləri də bəlli deyil.

Daha doğrusu, onlara müəyyən edilmiş səlahiyyətlərin tərkib hissəsi konkret olaraq nə cəmiyyətə, nə də ictimaiyyətə açıqlanmır. Maraqlıdır ki, bu gün bələdiyyələr özləri üçün ən ciddi problem kimi onların maliyyə imkanlarının məhdud olmasını göstərirlər. Kəsəsi, bu qurum fəalliyyətsizliyini maliyyə imkanlarının aşağı olması ilə əsaslandırır. Anaq ölkədə çox ciddi funksiya daşıdıqlarını önə çəkir, hər kəsi əhəmiyyətli qurum olduqlarına inandırmağa çalışırlar.

Türkiyədə bu qurumun funksiya və səlahiyyətləri yerli icra orqanlarından daha yüksək yerdə dayanır. Qardaş ölkədə bələdiyyələr daha işləkdir. Azərbaycanda isə bələdiyyələr özlərinə sərf edən məsələlərdə özlərini əhəmiyyətli, sərf etməyən problemlərdə səlahiyyətsiz qurum kimi qələmə verirlər. Bir sözlə, anlamaq olmur ki, bələdiyyələrin funksiyası nədir?

Bu gün ölkənin, paytaxtın bir sıra qəsəbələrində zibil qalaqları ilə, bərbad yollarla hər birimiz rastlaşırıq. Bu problemlərin hansı qurum:icra hakimiyyəti, yoxsa bələdiyyə tərəfindən həll edilməli olduğunu heç kim bilmir. Çətinə düşəndə hər iki qurum məsələni qarşı tərəfin üzərinə atır. Sirr deyil ki, torpaq vergisi bələdiyyələrə çatır. Üstəlik, bu instituta dövlət büdcəsindən vəsait ayrılır. Ancaq bütün bunlara rəğmən, bələdiyyələr hər zaman maliyyə çatışmazlığından şikayət edirlər. Ekspertlər hesab edir ki, ilk növbədə sözügedən qurumun stabil və dayanıqlı iqtisadi gəlir mənbələri yaranmalıdır ki, müvafiq maliyyə qaynaqları formalaşdıra bilsinlər.

Maraqlıdır, əgər bələdiyyələrin səlahiyyətləri işlək deyilsə, bu qurum nəyə gərəkdir?

“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində problemin kökü səlahiyyətlərin toqquşmasındadır: “Məsələ burasındadır ki, məişət tullantılarının toplanması, nəqli ilə bağlı səlahiyyət həm yerli icra strukturları üçün, həm də bələdiyyələr üçün tanınır. Əgər bu problemin birdəfəlik həll olunmasını istəyiriksə, birmənalı olaraq həmin səlahiyyət bələdiyyələrə verilməlidir. Belə olan halda təbii ki, öz məsuliyyətini hiss edən bələdiyyələr müvafiq qaydada bu səlahiyyətin həyata keçirilməsini təmin edəcək.

Amma təəssüf ki, belə səlahiyyət müəyyənliyi olmadığına görə məişət tullantılarının toplanması və nəqli sayəsində təbii ki, problemlər qalacaq. Məsələ burasındadır ki, “Bələdiyyələrin statusu” haqqında qanunun 4-5 -6-cı maddələri var. Həmin maddələr bələdiyyələrə iqtisadi, sosial inkişaf və ekoloji proqramlar işləyib hazırlamaq, eləcə də həyata keçirmək səlahiyyəti verir. Amma belə bir qeyd-şərt də var ki, həmin proqramlar dövlət proqramlarına əlavə olaraq hazırlanmanı həyata keçirməlidir. Eyni zamanda biz yerli icra hakimiyyətləri haqqında əsasnaməyə diqqət eləsək, yerli ictimai xidmətlərlə bağlı bir çox səlahiyyətlər yerli icra hakimiyyətləri üçün tanınır. Ümumi şəkildə həmin səlahiyyətlər bələdiyyələr üçün tanınsa da, konkret qanunlarda və qanun qüvvəli aktlarda bu səlahiyyətlər yerli icra strukturları üçün də tanınır. Bu baxımdan, deyirik ki, bələdiyyələrin bu cür ictimai xidmət göstərmək səlahiyyətləri var. Digər qanunvericilik aktları baxımından isə həmin səlahiyyətlər eyni zamanda yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Təbii ki, dominantlıq da yerli icra hakimiyyətlərindədir”.

Ekspertin sözlərinə görə, konkret bələdiyyələr üçün tanınmış səlahiyyətlər var: “Tutaq ki, qəbiristanlıqların saxlanması, məhlədaxili yolların salınması və digər məsələlər… Halbuki bu səlahiyyətləri icra etmək üçün kifayət qədər maliyyə imkanları lazımdır. Bələdiyyələrin də büdcələrinə fikir versək, onların maliyyə imkanları yoxdur ki, öhdələrinə düşən səlahiyyətləri yerinə yetirsinlər. Digər məsələlərə gəldikdə konkretliyin olıduğunu söyləmək çox çətindir. Bələdiyyələrin, bir sözlə, fəaliyyəti və səlahiyyəti həm işləkdir, həm də işlək deyil. Burada konkret səlahiyyət bölgüsü olmalıdır. Bilinməlidir ki, konkret hansı səlahiyyətləri hansı qurum həyata keçirir. Üstəlik, təkcə səlahiyyətin olması da yetərli deyil. Bunun üçün maliyyə imkanları da olmalıdır. Bələdiyyələrin bir çoxu əməkhaqqını belə ödəməkdə çətinlik çəkir, o ki qaldı hansısa ictimai xidmətləri göstərsin…”

O zaman bələdiyyələrin fəaliyyətinə gərək varmı? – sualına cavab olaraq Abil Bayramov deyib ki, bələdiyyələrin fəaliyyətinə gərək var. Çünki bu kifayət qədər əhəmiyyətli bir qurumdur: “Bu qurum bütün dünyada da qəbul olunub və ictimai xidmət göstərmək baxımından da söz sahibi olmalıdır. Amma bizdə bələdiyyələrin səlahiyyətlərinin konkretləşdirilməsi və onların maliyyə imkanlarının genişləndirilməsinə ehtiyac var ki, onlar öz funksiyalarından normal istifadə edə bilsinlər”.

Alçina Amilqızı

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR